Ağstafa rayonu Poylu kəndinin sakinləri 5 aydır susuz qaldıqlarını iddia edirlər. Onların sözlərinə görə, kəndin “Türklər məhəlləsi” adlanan hissəsində qazılmış subartezian quyusundan sentyabr ayından bəri istifadə edə bilmirlər.

“Kənddə yaşayırıq, təsərrüfatımız, mal-qaramız var. Gündəlik əl-ayaq suyumuz bir yana, heyvanımızı suvarmağa belə, su tapmırıq. Məcburuq ki, mal-qaranı suvarmaq üçün kənddən 1 km aralıdan keçən çaya aparaq” – İsmayılov qeyd edir.

Vəlyəddin Musayev isə söyləyir ki, problem sentyabr ayında artezian quyusunu elektrik cərəyanı ilə təmin edən transformatorun yanmasından sonra başlayıb: “Sentyabrda transformator yandı. İşıq idarəsinin işçiləri transformatoru aparıb təmir etdilər. İşə salmaq istəyəndə yenidən yandı. Yenidən aparıb təmir etdilər. Gətirəndən sonra məlum oldu ki, artezianın motoru da yanıb”.
“Bundan sonra Tovuz Subartezian Quyularının İstismari İdarəsinin Ağstafa rayon bölməsinə müraciət etdik. Dəfələrlə müraciət edəndən sonra keçən ay gəlib motoru söküb apardılar. Amma hələ də bir xəbər yoxdur” – deyə V.Musayev əlavə edir.

Kənd sakinlərinin şikayətlərinə aydınlıq gətirmək məqsədilə Sputnik Azərbaycan-ın əməkdaşı Tovuz Subartezian Quyularının İstismari İdarəsinin Ağstafa rayonu üzrə sahə rəisi Şahin Məmmədovla əlaqə saxlayıb. Rəis bildirib ki, onlara təmir üçün dekabr ayında müraciət olunub.
