2015-ci ildə Azərbaycanda orta hesabla siqaret çəkən kişilər 46.5 faiz təşkil edib. “Tobaccoatlas.org” saytının hesabatında bu haqda məlumat yer alıb. Hesabatda qeyd olunur ki, inkişaf etmiş ölkələrlə müqayisədə bu rəqəm yüksəkdir. 2016-cı ilin ölüm xəritəsinə nəzər yetirdikdə isə, ölkəmizdə 23.52 faiz kişinin məhz tütündən istifadəyə görə dünyasını dəyişdiyini qeyd olunur.

Maraqlıdır, köşklər, mağazalar 18 yaşından aşağı olan şəxslərin siqaret çəkməsinə necə, vasitəçi olurmu? Sputnik Azərbaycan-ın əməkdaşı paytaxtda bir neçə köşk və mağazaya yaxınlaşaraq bu məsələ ilə bağlı vəziyyəti öyrənib.
“28 May” və “İçəri Şəhər” metrostansiyalarının qarşısında yerləşən bir neçə köşkün satıcısı 18 yaşından aşağı şəxslərə siqaret satmadıqlarını deyiblər. Satıcılar bildiriblər ki, belə şəxslər yaxınlaşdıqda, onlardan şəxsiyyət vəsiqəsi tələb edirlər.
Bütün deyilənlərə baxmayaraq, nədənsə belə şəxslərə siqaret satışının qadağan olunduğunu özündə əks etdirən nişanların piştaxtaların arxasında gizlədildiyi də diqqətimizdən yayınmadı.
Metronun “Neftçilər” stansiyasının qarşısında yerləşən bir neçə köşk və mağazada isə bu nişanlar ümumiyyətlə yox idi. Satıcılar buna səbəb kimi vitrinin dəyişdirildiyini bəhanə etdilər.

Murad Orucov: “Oğlumu gündə 2 dəfə siqaret almaq üçün mağazaya göndərirəm”.
Elgün Gəncimsoy: “Məhəllə mağazası çox yaxındır. Lakin heç zaman siqaret və spirtli içki üçün uşağı mağazaya göndərməmişəm. Göndərmək istəyənlərə də etirazımı bildirmişəm”.
Rəhim Muradov: “Artıq il yarımdır ki, siqareti tərgitmişəm. Bunadək də azyaşlıların yanında siqaret çəkməmişəm, siqaret almaq üçün övladımı mağazaya yollamamışam”.
Rumiyyə Miraslan: “Ümumiyyətlə, uşağın yanında siqaret çəkilməsi düzgün deyil. Çünki belə olan halda həmin uşaqda istər-istəməz siqaretə aludəçilik yaranır. Siqaretin zərərləri barədə nə qədər danışsaq da, istifadə etdiyimiz halda övladımızı siqaretdən uzaq tuta bilmərik. Övladımın zərərli vərdişlər aludəçisi olmasını istəmədiyim üçün siqaret almağa göndərmirəm”.
Təşkil etdiyimiz kiçik araşdırma və sorğudan belə qənaətə gəldik ki, bəzi hallarda valideynlər bilmədən, istəmədən övladına bu zərərli məhsulu təbliğ etmiş olur. Bəzi mağaza və köşklərin satıcıları isə sözdə bunun qadağan olunduğunu desələr də, gizlin satışla məşğul olmaqla siqaretin azyaşlılar arasında geniş yayılmasına vasitəçi olurlar.