Heyvanları qorumaq istiqamətində atılan növbəti addım

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov ətlərinin qəbulu ilə bağlı restoranlara ciddi xəbərdarlıq edib. Bunu Trend-ə Nazirliyin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Departament rəhbəri bildirib ki, ölkə ərazisində qanunsuz ov edilməsi sonda həmin heyvanın ətinin hansısa restoranlara satılması ilə nəticələnir: “Çünki bu gün Azərbaycanda əhalinin sosial rifahı o qədər aşağı deyil ki, kimsə həyatını təmin etmək üçün qadağan olunmuş heyvanları ovlasın. Əksər hallarda “Qırmızı kitab”a düşən nadir heyvanları ona görə ovlayırlar ki, restoranlara təhvil versinlər. Buna görə də biz artıq restoranlara xəbərdarlıq edirik və onları ov heyvanlarının ətlərini almamağa çağırırıq. Dünən biz maralın qanunsuz ovlanması ilə bağlı məlumat yaymışdıq. Bununla bağlı hüquq-mühafizə orqanlarına da məlumat vermişik və artıq şübhəli şəxslər də müəyyən edilib, onların saxlanılması ilə bağlı təbdirlər görülür. Həmin şəxslər azadlıqdan məhrum ediləcək və ya külli miqdarda cərimələnəcək. Qanunvericiliyə görə, həmin şəxsləri 2 il müddətinə həbs gözləyir. Kiçik bir gəlirə görə həmin şəxslər həbs ediləcək”.

H.Əlizadə deyib ki, bu cür hallar, həmçinin restoran müştərilərinin də həyatını təhlükəyə atır: “Çünki həmin ov heyvanları baytar nəzarətindən keçirilmədən restoranlara verilir. Həmin heyvanlarda müxtəlif xəstəliklər ola bilər və o ətlər yoxlanılmadan müştərilərə verilir. Bu da insanların həyatını risk qarşısında qoyur. Çünki təbiətdə olan heyvan hansısa bir xəstəliyin daşıyıcısı ola bilər”.

Departament rəhbəri bildirib ki, Ekologiya və Təbii Sərvərlər Nazirliyi bu cür halların qarşısını almaq üçün bütün lazımi tədbirləri həyata keçirəcək ki, həmin restoranlar bu cür ov ətlərini almasın: “Bu prosesdə ən yüksək cərimələr tətbiq ediləcək və hətta ov əti alan restoranların fəaliyyətinin şübhə altına alınması ilə bağlı tədbirlər görüləcək. Eyni zamanda həmin restoranlar və qanunsuz ov edənlər ictimaiyyət üçün böyük bir qınaq obyektinə çevriləcək. Bunun üçün kütləvi informasiya vasitələrinin də köməyinə ehtiyacımız var. Ola bilər ki, ov əti verən restoranlarda monitorinqlər də keçirilsin”.

Əslində, atılan addım qida təhlükəsizliyimiz və heyvanların qorunması baxımından olduqca əhəmiyyətlidir. Amma restoranlara nəzarət mexanizminin necə işləyəcəyi barədə bir məlumat verilməyib. Ona görə də Hikmət Əlizadənin özü ilə əlaqə saxlayıb bəzi məqamları da soruşduq.

Direktor qeyd edir ki, son dönəmlər ov sahəsində baş verən hadisələr məsələ ilə bağlı müəyyən addımlar atmağa vadar edib: “Hələ ki konkret bir mexanizm fikirləşməmişik. Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə bəzi restoranlarda monitorinq və reydlərin aparılması, bu cür faktlar müəyyən olunarsa, onlara qarşı ən ciddi tədbirlərin görülməsi nəzərdə tutulur. Əslində, bu məsələdə əsas yük ictimaiyyətin üzərinə düşür. İctimai qınaq bu işdə böyük rol oynayır. Əgər vətəndaşa restoranda menyuda ayı, ovu qadağan edilmiş bu və ya digər heyvanın əti təklif olunursa, onun özündə vətəndaşlıq mövqeyi olmalıdır və nazirliyin qaynar xəttinə zəng edib məlumat verməlidir. Təbii ki, bir qrup məmur və işçi ilə mübarizə aparmaq bir az çətin olar. Amma vətəndaşlıq mövqeyindən çıxış edən insanların səyləri nəticəsində biz dəqiq məlumatları alıb, bu istiqamətdə müəyyən tədbirlər görə bilərik. Bununla eyni zamanda təbiətin mühafizəsinə böyük kömək etmiş olarıq. Çünki 90, bəlkə də 99 faiz halda həmin ovçu bilsə ki, riskə gedib onun vurduğu quş, heyvan ətini restoran almayacaq, bu zaman o heyvanı ovlamaz. Yəni ovladığı heyvanın ətini sata bilmədiyindən ova getməyəcək. Restoranlar da bilsinlər ki, onlara qarşı ən ciddi tədbirlər görüləcək. Hətta bağlanılma təhlükəsi ilə belə qarşı-qarşıya qala bilərlər. Baş vermiş qanunsuzluq faktlarla sübuta yetiriləcək və məsələ geniş ictimaiyyət qarşısında işıqlandırılacaq”.

Azərbaycan Ekologiya Standartları Monitorinq Fondunun prezidenti Rauf Soltanov qeyd edir ki, bu gün dünya miqyasında təbiətin mühafizəsi ilə əlaqədar bir sıra qanunlar qəbul edilir: “Həmin qanunlar əsasında heyvanların qanunsuz ovlanmasına qarşı müəyyən işlər görülür. Amma buna baxmayaraq, nəsli kəsilməkdə olan bəzi heyvanların qanunsuz ovlanması halları davam edir. Azərbaycanda adı “Qırmızı kitab”a düşən heyvanların qorunması üçün maarifləndirici tədbirlərin həyata keçirilməsinə baxmayaraq, ilin müxtəlif fəsillərində ovlanma halları baş verir. Xüsusilə də heyvanların çoxalma dövründə ovlanması qəti qadağandır. Bunun üçün cərimələr tətbiq edilir. ETSN də öz növbəsində bir sıra tədbirlər görür. Lakin nə edilsə də, qanunsuz ovun qarşısını tam almaq mümkün olmur”.

Həmsöhbətimiz deyir ki, bu gün heyvanları qorumaq üçün ölkəmizdə bir sıra qoruqlar fəaliyyət göstərir: “Hazırda ölkəmizdə prezidentin sərəncamı ilə nəsli kəsilməkdə olan heyvanları qorumaq üçün milli qoruqlar yaradılıb. Qoruqlarda müəyyən qədər də olsa, qanuna riayət edilir. Amma təəssüflər olsun ki, Xəzər dənizində balıq ovunda qadağalar nəzərə alınmır. Məsələn, balıqların nəsil törətmə dövründə ovlanmasının özü böyük cinayətdir. ETSN bu istiqamətdə nə qədər işlər görsə də, kifayət etmir. Düşünürəm ki, bu kimi halların qarşısının alınmasında kütləvi informasiya vasitələrinin dəstəyinə ehtiyac var. Yəni kütləvi şəkildə maarifləndirici tədbirlərin görülməsi daha yaxşı effekt verər. Digər tərəfdən qoyulan cərimələrin də miqdarını artırmaq lazımdır. Çünki bu da insanları qanunsuz ovdan çəkindirər”.

Paylaş