Siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirlərinə başlanılıb

Google+ Pinterest LinkedIn Tumblr +

İsmayıllı rayonunda payızlıq taxıl əkinləri üçün xüsusi təhlükəli zərərverici olan siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirlərinə başlanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Biosfer.az-a bölgə müxbirinə bildirilib ki, əkin sahələri əsasən dəmyə şəraitində becərildiyi üçün gəmiricilərin yayılması daha intensiv olur və mübarizə işlərini daim diqqətdə saxlamaq lazım gəlir.

Hazırda rayon bitki mühafizə mərkəzinin mütəxəssisləri Dövlət Aqrar İnkişaf Mərkəzi ilə əməkdaşlıq şəraitində payızlıq taxıl və digər əkin sahələrində müşahidələr aparır, inzibati ərazilərdə maariflənmə işlərini gücləndirir, aqrotexniki və kimyəvi mübarizə tədbirləri təşkil edirlər.

Qeyd edək ki, son zamanlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkəyə gətirilən kimyəvi preparatlar vasitəsilə mübarizə tədbirləri daha da təkmilləşdirilib. Fermerlərə kimyəvi preparatlardan istifadə zamanı texniki təhlükəsizlik qaydaları barədə də təlimatlar verilir.

Rayonun İvanovka, Soltankənd, İstisu, Hacıhətəmli və digər ərazi vahidləri üzrə 11 min 300 hektardan çox ərazidə müşahidələr aparılıb və 7400 hektarda sirayətlənmə müəyyən edilib. Bitki mühafizə mərkəzinin mütəxəssislərinin nəzarəti ilə aldadıcı yemlər hazırlanaraq 5500 hektara yaxın ərazidə mübarizə işləri aparılıb. Mübarizə zamanı “Brodifak” preparatından aldadıcı yem hazırlanaraq hər yuva üçün 15 qram olmaqla istifadə edilib. Mübarizə işlərinin bioloji səmərəliliyi 84 faizdən artıq olub. Hazırda işlər davam etdirilir.

Paylaş