Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Sumqayıt şəhəri, Tuğ zavod yaşayış massivi ərazisində fəaliyyət göstərən metaləritmə sexindən atmosferə tullantı atılması ilə bağlı şikayət daxil olub. Nazirliyin əməkdaşları şikayəti yerində araşdırıblar və monitorinq aparıblar.
Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, atmosfer havasından götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyənləşib.
Faktla bağlı “GurCel” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsus metaləritmə sexinin rəisi Amil Süleymanov barəsində protokol tərtib edilib. O, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimələnib.
Atmosferə tullantıların atılmasının qarşısının alınması, müasir təmizləyici qurğu və avandanlıqların quraşdırılması məqsədilə “GurCel” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.