Zərdab rayonunda bu payız 190 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulub və artıq onun 24 mindən çoxu əkilib.
Rayon icra hakimiyyətindən Biosfer.az bildirilib ki, əkiləcək tut tinginin 44 min ədədi rayona gətirilib və paylanılıb. Tinglər əsasən həyətyanı sahələrdə, pay torpaqlarının kənarlarında, idarə, müəssisə və təşkilatların həyətlərindəki boş sahələrə əkilir.
Qeyd edək ki, son illər aqrar sektorda aparılan islahatlar Zərdabda baramaçılığın inkişafına güclü təkan verib. 2017-ci ildə əvvəlki ildəkindən 4 dəfə çox olmaqla, 27 ton 55 kiloqram barama istehsal edilib ki, bu da respublikada ən yüksək göstərici olub. Cari ildə 2017-ci illə müqayisədə 2 dəfəyədək çox – 53 ton 880 kiloqram barama tədarük edilib. İstehsal edilən məhsula görə bu il də Zərdab respublikada ən yüksək nəticə qazanıb.
Bölgədə yeni tut bağlarının salınması xüsusi diqqət mərkəzindədir. Belə ki, 2016-ci ildə rayonda 263 min 700 ədəd, 2017-ci ildə isə 145 min ədəd tut tingi əkilib.