Xəzəri Aral və Urmiya gölünün taleyi gözləyir?

Google+ Pinterest LinkedIn Tumblr +

Hazırda Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur. Əgər bu azalmalar intensiv şəkildə davam edərsə, ekoloji problemlər artacaq, dəniz canlılarının sürətli azalmasına gətirib çıxaracaq. Xəzərin Urmiya gölünün taleyi ilə qarşı-qarşıya qala biləcəyi də ehtimallar sırasındadır.

Xəzərin suyunun azalması ilə bağlı müxtəlif tarixlərdə, fərqli-fərqli rəqəmlər və səbəblər səsləndirilib. Belə ki, Xəzəri qidalandıran çaylarda suyun səviyyəsinin dəyişməsi bilavasitə Xəzərin səviyyəsinə də təsir göstərir. Bəs görəsən, bu azalma özü ilə bərabər hansı problemləri gətirəcək? Suyun səviyyəsinin aşağı düşməsi hansı ekoloji problemləri qabardacaq?

Bu barədə Oxu.Az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti direktor müavini Əkbər Əsgərov deyib ki, suyun səviyyəsinin aşağı düşməsi dənizin flora və faunasına, yuxarı qalxması isə ətraf ərazilərə, təsərrüfat sahələrinə mənfi təsir edir:

“Hazırda müşahidələr göstərir ki, Xəzər dənizinin səviyyəsində azalmalar var. Biz Xəzər dənizi deyirik, amma əslində, bu qapalı su hövzəsi, göldür. Ona görə burada hər zaman səviyyədə qeyri-stabillik olur. Bu, onu qidalandıran çaylardan, yağıntıların intensivliyindən və su səthindən buxarlanıb Qaraboğazqol körfəzinə gedən axından asılıdır.

Bu amillərdən ən əsası isə çayların səviyyəsi və buxarlanmadır. Xəzərin əsas qida mənbəyi Volqa çayıdır. Xəzərə tökülən suyun 80-85 faizə qədərini elə Volqa çayı təşkil edir. Volqa çayının hövzəsi şimal yarımkürəsinin 20 faizini təşkil edir. Bu çox böyük ərazi olduğundan  orada gedən iqlim prosesləri və bunun nəticəsində yaranan problemlər Xəzərdə suyun səviyyəsinin dəyişməsinə təsir edir”.

Ə.Əsgərovun sözlərinə görə, 1830-cu ildən etibarən Bakıda Bayıl ərazisində Xəzərdə suyun səviyyəsinin izlənilməsinə başlanılsa da, ən təhlükəli nəticə 1977-ci ildə qeydə alınıb:

“Tarixi faktdır ki, 1977-ci ildə Xəzərdə suyun səviyyəsinin ən aşağı dərəcəyə düşməsi (-29 metr) son 500 ilin ən qorxulu göstəricisi hesab olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti olaraq 1830-cu ildə Bayılda bir stansiya vasitəsilə ilk dəfə müşahidələr aparılıb.

Bu proseslərin 200 ilə yaxın yaşı var. 1977-ci ildə suyun səviyyəsinin riskli həddə çatması və bir neçə il sonra iqlim şəraiti ilə əlaqədar normallaşması hər kəsi təəccübləndirmişdi. Biz, ümumiyyətlə, etalon olaraq Xəzərdə suyun səviyyəsini Baltik dənizinə nəzərən hesablayırıq.

Azərbaycan Respublikasında bütün nöqtələr bu etalona nəzərən hesablanır. 1995-ci ildə suyun səviyyəsi 2,5 metr qalxaraq -27 metr oldu. Bu, böyük sıçrayış idi. 2005-ci ildən bu günə qədər Xəzər dənizində artma yox, orta illik səviyyədə passiv şəkildə azalmalar müşahidə olunur.

Hazırda Xəzərdə suyun səviyyəsi – 28 metrə yaxınlaşır. Əslində, bunu qorxunc nəticə hesab etmək də olar, etməmək də. Bir şərtlə ki, bu azalma intensiv olaraq davam etməsin. Mən deyərdim ki, -27 və -28 metr göstəriciləri normal hesab etmək olar”.

Qarşıdakı illərə dair proqnoz verən Ə.Əsgərov onu da əlavə edib ki, bu problemin stabil qalması daha önəmlidir:

“1995-ci ildə Xəzərin səviyyəsinin artması ölkə iqtisadiyyatına iki milyard manata yaxın ziyan vurub. Kənd təsərrüfatına yararlı torpaqlar suyun altında qaldıqdan sonra yararsız hala düşdü. Suyun azalması çirklənmənin, infeksiyaların artmasına səbəb ola bilir.

Qızılağac, Neftçala ərazisi suyun səviyyəsinin dəyişməsinə daha həssasdır. Biz bu prosesə daim nəzarət edirik. Baxmayaraq ki, sahilyanı ərazilərdə 130 metr sahil zolağı ərazisində heç bir tikiliyə icazə yoxdur. Buna o qədər də ciddi riayət olunmadığından sabah suyun səviyyəsində sıçrayış olarsa, bütün o ərazilər, tikililər suyun altında qalacaq.

Xəzəryanı dövlətlərlə ildə bir dəfə ərazidə baş verən ekoloji proseslər müzakirə edilir. Qısamüddətli proqnozların hazırlanmasına imkan olsa da, uzunmüddətli proqnozlar verə bilmirik. Çünki bu günə qədər olan proqnozların böyük əksəriyyəti özünü doğrultmayıb.

Paylaş