Paytaxtda olduğu kimi, regionlarımızda da insanlar küçə itlərinin əlindən təngə gəliblər. Günü-gündən prospektlərdə, küçələrdə, məhlələrdə sahibsiz itlərin sayı artmaqdadır. Ən qorxulusu isə bu itlərin sürü halında gəzməsidir.
Biosfer.az xəbər verir ki, bir qrup Şabran rayon sakini elə bu problemlə bağlı Sputnik Azərbaycan-a müraciət edib. Sakinlər iddia edirlər ki, rayonun mərkəzi küçələrinin birində yerləşən “Cücələrim” körpələr evinin qarşısında, həmçinin yaxınlıqdakı parkda günün 24 saatı sahibsiz itlər dolaşır.


Rayon sakini Samirə Yusifova da küçə itlərindən zara gəldiyini bildirib: “İt məsələsi bizim yaralı yerimizdir. Təkcə uşaq bağçasına gətirilən uşaqların yox, eləcə də parka gələn uşaqların həyatı təhlükədədir. Demək olar, itlərə görə uşaqları parka gətirə bilmirik, uşaqlarımız burada əylənə bilmirlər. Sahibsiz itlər təhlükədən başqa, həm də başdan-ayağa xəstəlik yayır. Orada iydən dayanmaq olmur, itlərin tükləri tökülür və həmin ərazidə uşaqlar oynayır. Parkın içi, demək olar ki, antisanitar vəziyyətdədir”.

Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətinin Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlkin Ağayevlə əlaqə saxlayıb. Ərazi nümayəndəsi tezliklə bu məsələnin həll olunacağını bildirib.
“Bizə o itləri vurdurmağa icazə verilmir. Ancaq itləri yığıb həmin ərazidən uzaqlaşdıra, başqa yerlərə apara bilərik. Söz veririk ki, yaxın günlərdə problem öz həllini tapacaq” – deyə İ.Ağayev vurğulayıb.
Biz də ümid edirik ki, rayon rəsmisinin dediyi kimi, problem tezliklə həll olunacaq. Şabran sakinləri sahibsiz küçə itlərindən canını qurtara biləcəklər.
Leyla Abdullayeva