Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Ağsu rayonunun Gəgəli kəndində qışlaq otlaq sahələrinin şumlanması ilə bağlı daxil olan məlumatı nazirliyin əməkdaşları yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, araşdırma zamanı Gəgəli bələdiyyəsinə məxsus örüş torpaq sahəsində rayon sakini Habil Mütəllimovun icazəsiz şumlama işləri apardığı və yaşköküstə 400 yulğun kolunu məhv etdiyi müəyyənləşib.
Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib və təbiətə 32 min manat məbləğində ziyan dəydiyi hesablanıb.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Ağsu Rayon Prokurorluğuna göndərilib.