İtaliyanın paytaxtı Romaya yağan güclü leysan yağışları səbəbindən oktyabrın 22-də şəhərdə nəqliyyatın hərəkəti qismən dayanıb, həmçinin bəzi metro stansiyaları bağlanıb.
Biosfer.az Interfax-a istinadən xəbər verir ki, Romanın şərq və qərb hissələri – Prati Fiskali, Tisiano, Nomentana, Tiburtina və Tirreno küçələri və bulvarları su altında qalıb. Şəhərin cənubunda güclü külək ağacları aşırıb.
Suyun səviyyəsinin qalxması səbəbindən İtaliya paytaxtının bəzi rayonlarında nəqliyyatın hərəkəti dayanıb. Bundan başqa, Roma metropoliteninin bəzi stansiyalarını su basıb, 6 stansiya bağlanıb.
İtaliyanın Mülki Müdafiə Departamenti oktyabrın 23-də külək və qasırğanın daha da güclənəcəyini bildirib.
Təbii fəlakət nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.