Şəkidə fındıq istehsalı ötən illə müqayisədə 262 ton artıb

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın, tütünçülüyün və qərzəkli meyvə istehsalının inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi tapşırıq və göstərişlər, qəbul etdiyi mühüm qərarlar sayəsində ölkəmizdə bu sahələrin sürətli inkişafı üçün qısa müddətdə çox böyük işlər görülüb.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı meyvəçilik sahəsində də müsbət irəliləyişin olduğunu vurğulayaraq deyib: “Mən fındıqçılıqla bağlı xüsusi müşavirə də keçirmişdim və nəticələr göz qabağındadır. 2016-cı ildə fındıq bağlarının sahəsi təqribən 30-35 min hektar idi. Bu gün yeni bağların salınması hesabına bu rəqəm 70 min hektara çatıb və qarşıya hədəf qoyulub ki, 2020-ci ildə 83 min hektara çatacaq. Bu, məşğulluqdur, gəlirdir, valyutadır”.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Şəki rayonunun kənd təsərrüfatı üçün də prioritet istiqamətlərdəndir. Şəhər icra hakimiyyəti aparatının məsul nümayəndəsi Rafik Məmmədovun bildirdiyinə görə, 2016-cı ilə kimi rayonda cəmi 979 hektar sahədə fındıq bağı mövcud idi. Həmin ilin payız mövsümündə rayon ərazisində 724 hektar, 2017-ci ildə 469 hektar, 2018-ci ilin yaz mövsümündə isə 215 hektar sahədə yeni fındıq bağları salınmaqla, bağların ümumi sahəsi 2387 hektara çatdırılıb. Bu ilin payız və gələn ilin yaz mövsümlərində rayon ərazisində daha 1000 hektara yaxın yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Bu məqsədlə bağların salınacağı sahələr müəyyənləşdirilib, ərazilər kol-kosdan təmizlənərək şumlanıb, əkinə hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, rayonda fındıq yığımı artıq başa çatıb. Bu il fındıq bağlarından 3 min 80 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 262 ton artıb.

Paylaş