“Mərəndi”, “Mədrəsə”, “Maldovka” məhv olub gedir… – FOTOLAR

Google+ Pinterest LinkedIn Tumblr +

Şamaxının Məlikçobanlı kəndinin fermerləri yetişdirdikləri üzümün satışının zəif olduğundan şikayət edirlər. Təsərrüfatçıların dediklərinə görə, keçən ilə nisbətən bu il üzüm bol olsa da, satışının təşkilində çox böyük problemlərlə qarşılaşırlar.

İllərdir üzümçülüklə məşğul olan Məlikçobanlı kəndinin sakinləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildiriblər ki, bağlarından topladıqları məhsul məhv olur. Buna səbəb isə alıcı sayının az olmasıdır. Həmçinin məhsulu satmaq üçün bazar da yoxdur. Kənd sakinləri məhsulu yol kənarlarında satmaq məcburiyyətində qalıblar. Digər tərəfdən də, alıcı kütləsinin zəif olduğuna görə kəndli bağlardakı məhsulu vaxtında yığa bilmir. Bu da üzümün tələf olmasına səbəb olur.

Sahibkar Xanməmməd Xanməmmədov deyib ki, səhər saat 5-dən iş başında olsa da, çəkdiyi əziyyət hədər gedir. Satış mümkün olmadığına görə məhsul zay olur.

Başqa bir sahibkar isə bunları bildirib: “77 sot yerim var, bu il məhsul da bol olub, azı 6-7 ton. Amma gəlir əldə edə bilmirik. Yol qırağında durub məhsulumuzu satmağa çalışırıq. Qalmışıq günün altında, nə bir soruşan var, nə də ki alan. Heç 50 qəpiyə alan yoxdur. Axşama qədər ən çox 10 kilo üzüm sata bilirik. Yaxınlıqda bazar yoxdur, rayon bazarına da apara bilmirik. Həm də orada 5 manat yerpulu alırlar”.

Sahibkarların sözlərinə görə, hər hektara 1000 manatadək pul xərcləsələr də, məhsul yetişəndə sata bilmədikləri üçün, heç olmazsa, çəkdikləri xərci götürə bilmirlər.

Təsərrüfatçı Gəray Qarayev deyib ki, məhsula verdiyi dərmanın pulunu belə, çıxara bilməyib: “Traktora çəkdiyimiz xərci demirəm hələ. Bağa girib baxın, “Maldovka” sortu üzüm məhv olub gedir”.

Səkkiz ildir üzümçülüklə məşğul olan Ağagül Ağayev isə bildirib ki, bağ sahiblərini qayğılandıran digər məsələ texnikanın olmamasıdır: “Hektar yarım bağım var, əsasən “Mədrəsə”, “Mərəndi”, “Kişmiş” və süfrə üzümü yetişdirirəm. Bağdan ildə 4-5 ton üzüm götürürəm. Əgər dərmanlamanı vaxtı-vaxtında versəm və vaxtında şumunu aparsam, ildə 14-20 tona yaxın üzüm götürə bilərəm. Amma texnika olmadığına görə hər il məhsuldarlıq xeyli aşağı düşür. Traktorumuz, texnikamız yoxdur ki, bağı şumlayaq, lazım olan dərmanı aparatla vuraq. Aparatı kürəyimizdə daşıyırıq, onda da gecikirik, üzüm əlimizdən gedir”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Ticarət Mərkəzinin Şamaxı rayon üzrə direktoru Hafiz Əzizov isə kəndlilərin şikayətləri ilə razılaşmayıb. O, saytımıza açıqlamasında bildirib ki, bu, ancaq iki kəndin əhalisinin özlərinin yaratdığı problemdir: “Həmin kəndlərin sakinləri əldə etdikləri məhsulları ancaq öz bağlarının qarşısında və ya həyətlərində satırlar. Dəfələrlə onlara hələ məhsul yetişməmişdən əvvəl müraciət edilib ki, təqribən, nə qədər məhsul götürəcəkləri barədə quruma məlumat versinlər. Buna baxmayaraq, kəndlilər bu çağırışa cavab verməyib”.

“Bu il də məhsul yığımı ərəfəsində yenidən onlara çağırış olundu ki, məhsullarını təşkil olunmuş yarmarkalarda satsınlar. Onlar bu çağırışa da məhəl qoymadılar və bildirdilər ki, məhsullarını ancaq həyətdən verə bilərlər. Belə olduğu halda, heç kim onların məhsulunu aparıb yarmarkalarda və bazarlarda satmayacaq. Yaranmış problem sırf onların özlərindən qaynaqlanır” – deyə H.Əzizov vurğulayıb.

Qurum rəsmisi məsələnin Şamaxı Rayon İcra Hakimiyyətində də qaldırıldığını qeyd edib: “Ancaq kənd sakinlərini heç kim heç nəyə məcbur edə bilməz. Onların bu davranışı da özlərinə ziyan vurmaqdan başqa heç nə ilə nəticələnmir. Kəndlilər həyətlərindən çıxmadan əziyyətsiz pul əldə etmək istəyirlər”.

Qeyd edək ki, bu il Məlikçobanlı kəndində 54 hektara yaxın ərazidə “Mərəndi”, “Mədrəsə”, “Kişmişi” və “Ağ üzüm” sortları əkilib.

Paylaş