Paytaxtda qanunsuz tikililər kütləvi şəkildə sökülür

Google+ Pinterest LinkedIn Tumblr +

Məhəmməd Hadi küçəsində, “Əhmədli” və “Həzi Aslanov” metro stansiyalarının yaxınlıqlarında yaşıllıqların olduğu 4 ədəd torpaq sahəsinin hasarları sökülüb və ərazi təmizlənib.

Bu barədə Biosfer.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, artıq 2 gündür Xətai rayonunda abadlıq işləri Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyəti ilə birgə aparılır. Həmçinin meriyada təşkil olunmuş komissiya tərəfindən bu ərazilərdə tikilən bir sıra müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır. Araşdırmalar nəticəsində müəyyən olunmuş pozuntuların aradan qaldırılması və lazım gələrsə, tikililərin sökülməsi üçün müvafiq qaydada Məhkəməyə müraciət olunacaq.

Xatırladaq ki, paytaxt meriyası tərəfindən şəhərin rayonlarında ayrı-ayrı sahibkarlar, vətəndaşlar, bəzi iş adamları tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərin, keçid meydançalarının qeyri-qanuni olaraq zəbt olunmaqla burada inşa olunmuş müxtəlif təyinatlı tikili və obyektlərin sökülməsi, zəbt olunmuş torpaq sahələrinin, yaşıllıqların hasarlarının sökülərək ərazilərin təmizlənməsi, obyektlərin qarşısına yığılmış malların, səyyar reklam şitlərinin yığışdırılması, binaların fasadlarının estetik ğörünüşünə xələl gətirən paltar ipləri və xarıcı dildə yazılan yöndəmsiz reklamların çıxarılması ilə bağlı işlər aparılır.

Paylaş