Tayvanda daşqınlar: 7 ölü, 116 yaralı

Google+ Pinterest LinkedIn Tumblr +

Tayvanın mərkəzi və cənub rayonlarında leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 7 nəfər həlak olub, 116 nəfər isə xəsarət alıb.

Biosfer.az xarici KİV-lərə istinadla xəbər verir ki, avqustun 26-da əlverişsiz hava şəraiti ilə əlaqədar bu bölgələrin nəqliyyat əlaqəsində problemlər yaranıb, dəmiryol qatarlarının və bərələrin hərəkəti qismən dayanıb, sürət şoselərinin bəzi hissələri bağlanıb. Təxminən 600 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Meteoroloqların verdiyi məlumata əsasən, adada avqustun 23-dən başlayan yağışlar bu həftənin sonlarına qədər səngiməyəcək. Hazırda yerli hökumət orqanları təbii fəlakətdən zərər çəkən bütün rayonlarda xilasetmə əməliyyatlarını davam etdirir. Həmçinin əhaliyə torpaq sürüşməsi təhlükəsi barədə də xəbərdarlıq olunub.

Əlverişsiz hava şəraiti səbəbindən Tayvanın kənd təsərrüfatı sektoru ciddi itkilərə məruz qalıb. İlkin məlumata görə, maddi zərər artıq 18,35 milyon dollara çatıb. Bununla yanaşı, təbii fəlakətin zərər vurduğu məktəblərin, dövlət müəssisələrinin və digər binaların bərpası üçün 5,2 milyon dollar vəsait lazım gələcək.

Paylaş