Ölkəmizdə 350-dək palçıq vulkanı var

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunda palçıq vulkanlarına həsr olunan beynəlxalq seminar keçirilib.

AMEA-dan Biosfer.az-a bildiriblər ki, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İbrahim Quliyev rəhbərlik etdiyi elm müəssisəsinin tarixi, əldə etdiyi nailiyyətlər və beynəlxalq əlaqələri barədə məlumat verib.

Sonra İ.Quliyevin “Palçıq vulkanlarının öyrənilməsi tarixi” mövzusunda məruzəsi dinlənilib. Alim məruzəsində Azərbaycanın Yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanındığını, ölkəmizdə 350-dək palçıq vulkanının olduğunu bildirib. Qeyd edilib ki, palçıq vulkanlarının əksəriyyəti Xəzər akvatoriyasında, Bakı və Abşeron yarımadasında yayılıb və son illərdə GPS vasitəsilə onların koordinatları dəqiqləşdirilərək fəallığı öyrənilib.

Akademik ölkəmizdə palçıq vulkanlarının bütün formalarına – fəaliyyətdə olan, sönmüş, gizlədilmiş, sualtı və s. rast gəlindiyini söyləyib. İ.Quliyev dünyanın ən fəal beş palçıq vulkanından biri olan və hər üç, on ildən bir püskürən Lökbatan palçıq vulkanının da Azərbaycan ərazisində yerləşdiyini deyib.

Mövzu ətrafında müzakirələr aparılıb.

Tədbirdə, həmçinin Norveçin Oslo Universitetinin Yer elmləri departamentinin əməkdaşı Adriano Mazzini “Palçıq vulkanizminə ümumi baxış”, Rusiyanın İrkutsk Limnologiya İnstitutunun nümayəndəsi Oleq Xlıstov “Baykal hövzəsi və yerli palçıq vulkanizmi”, Moskva Dövlət Universitetinin əməkdaşları – Qriqori Əhmədov “Avropa regionunda palçıq vulkanizmi və palçıqlı brekçiyanın stratiqrafik bərpası”, Yelena Poludetkina “Neft sistemləri və onların çökmə vulkanizmi ilə əlaqəsi” və Andrey Bıçkov “Palçıq vulkanı geokimyəvi modelləşdirmə” mövzusunda məruzələrlə çıxış ediblər.

Paylaş