İyulun 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Yasamal rayonu Şərifzadə küçəsi, 130 A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı daxil olan şikayət dərhal yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildirilib ki, araşdırma zamanı həmin ərazidə müxtəlifcinsli 21 ağacın qurudulması məqsədilə dibinə mənşəyi məlum olmayan maddənin tökülməsi faktı aşkarlanıb. Analiz aparılması üçün ağacların dibindən nümunələr götürülüb. Analizin nəticələrinə uyğun olaraq maddənin ağacların bioloji inkişafına təsiri müəyyən ediləcək və qabaqlayıcı tədbirlər görüləcək.
Həmin ağaclara profilaktik xidmət göstərilməsi, dibinin maddədən təmizlənməsi, qorunub mühafizə olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinın Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.
Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanunauyğun tədbirin görülməsi məqsədilə Bakı Şəhər Polis İdarəsinə müraciət olunub.