Güclü leysan yağışları Gürcüstanın bölgələrində ciddi fəsadlar törətdi

Google+ Pinterest LinkedIn Tumblr +

İyulun 22-də axşam saatlarından başlayan yağış Gürcüstan ərazisində ciddi fəsadlar törədib.

Biosfer.az xəbər verir ki, Kür çayının paytaxt Tbilisi ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli artıb, çayın çirklənmə dərəcəsi normadan artıqdır.

Gürcüstanın bəzi çaylarının daşması nəticəsində Kaxeti bölgəsinin Siqnaxi və Laqodexi rayonlarında, eləcə də 5-dən çox kənddə yolları, yaşayış evlərini və təsərrüfat sahələrini su basıb.

Siqnaxi rayonunun Anaqa və Bakiri kəndlərində vəziyyət daha acınacaqlıdır. Kənddaxili yollar dağılıb, bir neçə yaşayış evinə ciddi ziyan dəyib. Çayların daşması nəticəsində Laqodexi bələdiyyəsinin Eretiskari, Çiauri, Siteli Qori kəndlərindəki kanallar daşıb, yaşayış evləri və zirzəmiləri su basıb.

Ölkənin Fövqəladə Halların İdarə Olunması Xidməti və aidiyyəti qurumlar xüsusi rejimə keçərək təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirləri davam etdirir. Bəzi ərazilərdən insanlar daha təhlükəsiz yerlərə köçürülüblər.

Qeyri-sabit hava şəraiti Rustavi şəhərində və azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda da ciddi problemlər yaradıb.

Rustavi şəhərinin mərkəzi küçə və prospektləri su altında qalıb. Şəhərinin bir qəsəbəsinin sakinləri xüsusi qayıqlarla təxliyə olunublar.

Qardabani rayonunun Krtsanisi kəndində 15-dən çox yaşayış evinin həyət və zirzəmilərini su basıb.

Güclü leysan yağışları Gürcüstanın digər bölgələrində də problemlər yaradıb.

Qeyri-sabit hava şəraiti iyulun 23-də də davam edəcək.

Paylaş