Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gənclər Şurasının üzvləri və Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Bakı sakinləri arasında polietilen paketlərin istifadəsinə dair sorğu keçirib.
Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildirilib ki, sorğunun nəticələrinə əsasən, qadınların cəmi 7,9, kişilərin isə 5,5 faizi marketə gedərkən özləri ilə çanta aparır. Yaş qrupu 36-dan yuxarı olan respondentlər arasında çantadan istifadə edənlərin sayı digər yaş qrupları ilə müqayisədə bir qədər çoxdur. Bu da keçmiş SSRİ dövründə mağazaya gedərkən toxunma çantalardan istifadənin o dövrün insanlarında artıq vərdiş halını aldığını göstərir.
Keçirilən sorğuya əsasən demək olar ki, əhali yetərincə plastik qablaşdırmanın və ya polietilen məhsulların ətraf mühitə təsiri barədə məlumatlıdır. Qadınlardan 90,6, kişilərdən 91,8 faizinin bu barədə məlumatı var, respondentlər arasında gənc və yaşlı nəslin nümayəndələri xüsusilə bu barədə geniş informasiyaya malikdirlər.
Sorğuya əsasən qadınların 88,2, kişilərin isə 90,4 faizi eyni məhsulun kağız və ya şüşə qablaşdırmada olmasının tərəfdarıdır.
Bununla yanaşı, qadınların yalnız 29,92, kişilərin isə 43,84 faizi marketlərdə sellofan paketlərin dəyərinin əslində satışa qoyulan hər bir məhsulun üzərinə hesablandığını da bilir.
Sorğu nəticəsində məlum olub ki, əhali polietilen paketlərin ətraf mühitə mənfi təsirini nəzərə alaraq nazirliyin bu sahədə apardığı siyasəti dəstəkləyir.
Hər bir vətəndaş ekoçantalardan istifadə etməklə, plastik tullantıların idarə olunması məqsədilə onların çeşidləndirmə kampaniyasına qoşulmaqla ətraf mühitin çirklənməsinin qarşısının alınmasına öz töhfəsini verə bilər.