Cənubi Afrikada yerləşən Viktoriya şəlaləsi dünyanın ən əzəmətli şəlalələrindən biridir. Elə şəlalələr var ki, Viktoriyadan daha ucadır, lakin xeyli ensizdir, elələri də vardır ki, ondan enlidir, lakin nəzərəçarpacaq dərəcədə alçaqdır. Viktoriya şəlaləsi isə sözün əsl mənasında möhtəşəmdir! O, Niaqara şəlaləsindən, demək olar, iki dəfə böyükdür.
Biosfer.az xəbər verir ki, Viktoriya şəlaləsi iki ölkənin – Zambiyanın və Zimbabvenin milli parklarının sərhədində yerləşir. Bu əzəmətli şəlalə İngiltərə kraliçası Viktoriyanın şərəfinə adlandırılıb.
Şəlalənin nə demək olduğu sözün özündən aydındır: sıldırım qayadan çay yatağına tökülən güclü su axını.
Uçurumlardan axan və uzaqdan görünən başqa şəlalələrdən fərqli olaraq, suları sanki yerin dərin qatlarına axan Viktoriya şəlaləsini yalnız yaxından və ya yuxarıdan görmək olar.
Təbiətin hər hansı möcüzəsi kimi Viktoriya şəlaləsi də səyyahları cəlb edir, mənzil başına çatmağın çətinliyi isə bu marağı daha da artırır.
Şəlalənin kəşf edildiyi ilk 50 il ərzində onu yalnız cəsur və dözümlü macəra həvəskarları görə bilərdilər. Üstəlik, bu cür səyahət çox baha başa gəlirdi. İngilislərin Rodeziyada (o vaxt Zimbabve İngiltərənin müstəmləkəsi idi və belə adlanırdı) çəkdikləri dəmir yolu sayəsində Viktoriya şəlaləsi dünyanın hər yerindən turistləri cəlb etməyə başladı. Hazırda Viktoriya şəlaləsi səyyahlar arasında son dərəcə populyardır.
Şəlalənin ətrafındakı landşaftlar milli park statusu alıb. Turistlərin axını çay sularının gur olduğu yaz fəslinə təsadüf edir, çayın qurumağa başladığı yağışsız mövsümdə şəlalə də sakitləşir və burada əvvəlki kimi vəhşi təbiət hökmran olur.
Hamıya məlumdur ki, yağışdan sonra gün çıxanda göy qurşağı yaranır. Viktoriya şəlaləsi üzərində nadir təbiət hadisəsini – Ayın göy qurşağını müşahidə etmək olar. Ayın bədirlənməsi şəlalədə suyun artması ilə eyni vaxta təsadüf edəndə gecə göy qurşağının görüntüsü daha parlaq olur. Bu hadisə ildə iki dəfə baş verir.