Anomal istilər nə vaxtadək davam edəcək? – RƏSMİ AÇIQLAMA

Google+ Pinterest LinkedIn Tumblr +

Hazırda respublika ərazisində havanın temperaturu normadan 4-6 dərəcə yüksəkdir.

Biosfer.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbəsində ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, yaxın 3-4 gün ərzində ölkə ərazisində anomal isti hava şəraiti müşahidə olunacaq.

“Ölkə ərazisinə daxil olan isti hava dalğasının təsiri iyul ayının 2-dək davam edəcək. Bu hava cərəyanı Şimali Afrikadan ölkə ərazisinə daxil olub. Artıq bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıq tərtib edilib, əlaqədar təşkilatlara və Kütləvi İnformasiya Vasitələrinə təqdim edilib. Abeşron yarımadasında havanın temperaturu hazırda çoxillik normadan 6.6 dərəcə yuxarıdır, maksimal temperatur 38 dərəcə qeydə alınıb. Temperatur anomal yüksək olsa da, rekord göstərici deyil. Son 20 il ərzində iyun ayında belə anomal temperatur müşahidə edilib. Bəzi illərdə bundan daha yüksək olub, hətta 40 dərəcəyə yüksəlib. Respublikanın əksər regionlarında havanın temperaturu normadan yüksəkdir. Ərazilərə uyğun olaraq bəzi yerlərdə normadan 4, bəzilərində 5 dərəcə yüksəkdir. Hər il iyun ayında azı bir gün temperaturun 38-40 dərəcəyə yüksəlməsi halı qeydə alınır”.

U.Tağıyeva bildirib ki, yaxın günlərdə Abşeron yarımadasında maksimal temperatur 35-40 dərəcə intervalında olacaq, Aran rayonlarında 43 dərəcəyədək yüksələcək.

“Bununla bağlı günorta saatlarında, xüsusən saat 11-dən 17-dək insanlar kölgə yerlərdə olmağa çalışmalı, birbaşa günəş şüalarının təsiri altında qalmamalıdırlar. Əsasən, yaşlı insanlar və uşaqlar üçün bu olduqca risklidir. Qeyd etdiyim saatda çimərliklərə də getməmək məsləhət görülür. İnsanlar günəşdən özlərini qorusunlar”.

Sektor müdiri bildirib ki, artıq iyulun 3-dən ölkə ərazisində havanın temperaturu nisbətən dəyişəcək: “İlkin məlumata görə, iyul ayının 2-dən küləyin istiqaməti dəyişəcək. Şimal küləyi müşahidə ediləcək, həm də küləyin güclənməsi proqnozlaşdırılır. Temperaturda hiss olunan dəyişiklik olacaq. İyulun 3, 4 və 5-də artıq havanın temperatur norma daxilində olacaq. Bu baradə əhaliyə yaxın günlərdə daha dəqiq məlumat veriləcək”.

 

Paylaş