Axan ulduzlar: meteor və meteoritlər

Google+ Pinterest LinkedIn Tumblr +

Bəzi insanlar belə hesab edirlər ki, göydə ulduz axarkən ürəklərində arzu tutsalar, o mütləq yerinə yetəcək. “Axan” ulduzların daha çox təsadüf olunduğu avqust ayında gecə vaxtı səmada bu gözəl mənzərəni daha tez-tez seyr etmək olar. Bəs nə üçün hər il çoxlu sayda ulduz yerə düşsə də, göydəki ulduzların sayı azalmır?

Biosfer.az xəbər verir ki, “düşən” ulduzların əsl ulduzlarla heç bir əlaqəsi yoxdur. Onlar kosmik ənginlikdən uçub gələn kiçik daş parçaları, elmi dillə desək, meteorlardır. Yer kürəsinin atmosfer qatına yüksək sürətlə daxil olan zaman onlar havanın müqaviməti ilə qarşılaşır, sürtünmə səbəbi nəticəsində alışır və yanaraq külə dönür. Adətən belə meteorların çox kiçik olur. Amma elə meteor da var ki, yerədək gəlib çatır.

Yer səthinə düşən meteor meteorit adlanır. Hər il yerə minə yaxın kiçik meteorit düşür. Böyük meteoritə isə nadir hallarda təsadüf edilir. Məsələn, 1920-ci ildə Afrika qitəsinin cənub-qərbinə 60 ton ağırlığında meteorit düşmüşdü. Hazırda həmin meteorit düşdüyü yerdə qalır və tədqiqat aparmaq üçün ondan yalnız kiçik bir hissə qoparıblar.

Alimlər kosmosdan düşən daşları hərtərəfli tədqiq edirlər. Bu tədqiqatlar nəticəsində meteoritlərin müxtəlif səma cismlərinin qırıntıları olduğu aşkarlanıb. Maraqlıdır ki, meteoritlərin tərkibi yer suxurlarının tərkibinə yaxındır. Onların heç birində yerdə olmayan elementlərə rast gəlinməyib.

Bəzən səmada “ulduz yağışı” da görmək olur. Bu hadisə, yer planetinin zaman-zaman kometlərin qalıqları olan çoxlu sayda xırda hissəciklər toplusu ilə qarşılaşması nəticəsində yaranır.

 

Paylaş