Azərbaycanda iyunun 26-na gözlənilən hava proqnozu açıqlandı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Biosfer.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24°, gündüz 33-38° isti, Bakıda gecə 22-24°, gündüz 36-38° isti olacağı ehtimalı var.
Atmosfer təzyiqi normadan aşağı – 757 millimetr civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 30-35 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada dəniz suyunun hərarəti 24-25°, cənub çimərliklərində isə – Türkan, Hövsan, Sahil və Şıxda 25-26° dərəcə isti olacaq.
Çimərliklərdə mülayim şimal küləyinin əsməsi əlverişli hava şəraitini şərtləndirir. Lakin temperaturun 38°-dək qalxması ilə əlaqədar günorta saatlarında Günəş şüalarından qorunmaq tövsiyə edilir.
Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 26-27-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Xəbərdarlığa əsasən, iyunun 26-dan ayın sonunadək ölkə ərazisində hava şəraitinin anomal isti olacağı, havanın maksimal hərarətinin 35-40°, Mərkəzi Aran rayonlarının və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42°-dək yüksələcəyi proqnozlaşdırılır.