“Biosfer” sonuncu təlimini də uğurla başa vurub

Google+ Pinterest LinkedIn Tumblr +

“Biosfer” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti – sonuncu təlimini keçirib. Biosfer.az xəbər verir ki, tədbir iyunun 8-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 181 saylı tam orta məktəbdə təşkil edilib.

Tədbirdə çıxış edən “Biosfer” İB-nin nümayəndəsi Səbinə Novruzzadə layihə barədə məlumat verib. Layihənin əhəmiyyətini qeyd edən Səbinə Novruzzadə qeyd edib ki, bu gün Azərbaycanda həyata keçirilən sosial siyasət cəmiyyətdə bərabərliyin təmin edilməsinə hesablanıb.

“Bütün sosial sektorlar, eləcə də uşaqların hüquqlarının müdafiə olunması, onların sağlam böyüməsi, təhsil alması barədə zəngin qanunvericilik bazası yaradılıb, praktik işlər həyata keçirilib. Elə peşə təhsili sahəsində ciddi addımların atılması da bunun əyani sübutudur” – o bildirib.

Çıxış edən layihə üzrə təlimçi Zülfiyyə Salayeva isə uşaqların peşə seçimlərindən, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsindən danışıb. Layihənin məqsədini açıqlayan Zülfiyyə Salayeva bildirib ki, reallaşdırılan layihə çərçivəsində aztəminatlı ailələrdən olan uşaqların perspektiv inkişafına istiqamət verilir, kömək edilir.

Tədbir qarşılıqlı diskussiya şəraitində keçib. Sonda uşaqlara xüsusi geyim dəsti və dərtərxana ləvazimatlarından ibarət hədiyyələr təqdim edilib, həmçinin xatirə şəkli çəkdirilib.

Paylaş