Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli yağış nəticəsində bəzi çaylarda sululuq artıb, Talaçay və Gorançay çaylarından qısamüddətli daşqın və sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 40-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-50, Naxçıvan Muxtar Respublikası çaylarında isə 30 faizini təşkil edir.
Departamentdən Biosfer.az-a bildirilib ki, mayın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 21 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 460 kubmetr olmaqla ongünlük normanın 61 faizini təşkil edir. Ötən il isə bu rəqəm saniyədə 600 kubmetr təşkil etməklə ongünlük normanın 80 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 40 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 249 kubmetr olmaqla ongünlük normanın 123 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici saniyədə 218 kubmetr təşkil edərək ongünlük normanın 107 faizinə bərabər idi.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Salyan məntəqələrində 8, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr azalma, Şirvanda 2 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 322 (2017-ci il mayın 14-də 366 sm), Şirvanda 179 (2017-ci il mayın 14-də 223 sm), Salyanda 105 (2017-ci il mayın 14-də 150 sm), Bankədə 175 (2017-ci il mayın 14-də 174 sm), Araz çayının Novruzlu məntəqəsində isə 28 santimetr (2017-ci il mayın 14-də 60 sm) təşkil edir.