Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji turizmin mediada təbliğinə həsr olunan “Təbiət evimizdir” layihəsi çərçivəsində Şirvan Milli Parkına mediatur təşkil edib.
Biosfer.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova tur zamanı layihənin məqsədi haqqında məlumat verib. Bildirib ki, məqsəd kütləvi informasiya vasitələri və turizm şirkətləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin, təbiətimizin rəngarəngliyinin həm ölkə daxilində, həm də xaricdə tanıdılması, ziyarətçilərin “Təbiət evimizdir” və ya “Azərbaycan təbiətinə heyranam” şüarı altında daha təfsilatlı maarifləndirilməsi, ətraf mühitin və təbiət ərazilərinin hamılıqla qorunmalı olmasının təbliği, ekoturizmin inkişafına nail olmaq üçün xüsusi mühafizə olunan təbiət ərazilərinə qaydalar çərçivəsində turistlərin cəlb edilməsindən ibarətdir.
Sonra milli parkın direktoru Füzuli Məmmədov xüsusi mühafizə olunan təbiət ərazisi haqqında media nümayəndələrinə məlumat verib. O deyib: “Şirvan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında yaradılıb. Kür-Araz ovalığının Cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 63960,5 hektarında Şirvan Milli Parkı, 4657 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir.
Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş ceyranları və ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.
Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Burada çay və bulaq yoxdur, ərazini şərqdən Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru, bir sıra digər kollektorlar, Çala (Qızılqaz) gölü və s. əhatə edir ki, bu da ceyranları su ilə tam təmin edir. Burada Xəzərin, kanalların və gölün suyunun qışda donmaması ceyranlar və quşlar üçün çox əhəmiyyətlidir. Milli parkın əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəliklər və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Qədim sahil tirələri, laqunlar müəyyən sahələrdə aydın nəzərə çarpır. Külək vasitəsilə yaranan əsas relyef forması–düyün təpəcikləri ceyranların sığınacağı və mühafizəsi üçün çox sərfəlidir”.
Onun sözlərinə görə, landşaft, iqlim və relyef xüsusiyyətlərinə görə Şirvan Milli Parkının ərazisində xarakterik suda-quruda yaşayanlar və sürünənlər faunası formalaşmışdır.
Məməlilər faunası içərisində ceyran-dünyada az yayılmış növ hesab edilir. Belə ki, onun əsas yayıldığı sahələr Azərbaycan, Ön, Orta və Mərkəzi Asiyadır. Respublikamızın ərazisi bu heyvanın nisbətən çox yaşadığı areal hesab olunur. Lakin son 50-60 ildə antropogen fəaliyyətin genişlənməsi onların ekoloji tarazlığını pozmuş və nəslinin kəsilməsi təhlükəsini yaratmışdır. Bu heyvanın bizim ərazidə məskunlaşma tarixi çox qədim dövrlərə təsadüf edir.
“Milli parkın ərazisində 230 növ su quşu, 82 bitki növü, 7 minə yaxın ceyran, 17 növ sürünən heyvan var. Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın “Qırmızı kitab”ına, 10-u ancaq “Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı”na, 10-u isə hər ikisinə daxil edilib. Quşların miqrasiyası və qışlama dövründə yaşılbaş ördəklərə, bəzgəklərə, fitçi cürəyə, boz ördəyə, bizquyruğa, cırıldayan cürəyə, enliburun ördəyə, flaminqoya, fısıldayan quya, qaşqaldağa, qutanlara, qarabattaqlara, qağayılara, bekaslara və s. rast gəlinir. Buraya Avropa ölkələrinin demək olar ki, hamısından, Afrikadan, Avstraliyadan qışlamaq üçün quşlar gəlir. Sultan toyuğu, turac milli parkın daimi sakinləridir.
Burada tülkü, çaqqal, ərəb dovşanı, canavar, qamış pişiyi, çöl pişiyi, safsar, yarasalar, porsuq, gəlincik, çöl donuzu, Xəzər suitisi və müxtəlif gəmirici növlərinə rast gəlmək olar.
Milli parkda mühafizə olunan növlərdən ceyran, qamışlıq pişiyi, çaqqal, bəzgək Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib”,- deyə Milli parkın direktoru vurğulayıb.
Milli parkın ərazisində tarixi yerlərin mövcud olduğunu söyləyən Füzuli Məmmədov deyib ki, Bəndovan dağı və palçıq vulkanı, Qızılqaz gölü, Yulğun piri belə ərazilərə aiddir. Bəndovan orta əsrlərə aid yaşayış məskəni olub. Sahildə və su altında 100-200 metrlikdə aparılmış arxeoloji tədqiqatlar zamanı burada dulus kürələri, orijinal şirli və şirsiz qablar, şüşə bəzək əşyaları, əmək alətləri və sikkələr tapılıb. Ehtimal olunur ki, bu sahil şəhəri təkcə Xəzərin yüksələn səviyyəsi ilə deyil, vulkan püskürməsinin təsirindən də məhv ola bilər. Quştəsfi şəhəri də vaxtilə mövcud olan ərazilərdən biridir. Bəndovan dağı isə milli parkdakı yeganə palçıq vulkanıdır.
Milli parkın direktoru milli parkda canavarların sayının çoxaldığını və sayının tənzimlənməsi üçün addımlar atılacağını qeyd edib.
Media nümayəndələri milli parkın ərazisində təşkil edilmiş Ekoturizm Mərkəzi ilə də tanış olublar. Mərkəzdə Bəndovan şəhərinə aid tapıntılar da nümayiş olunur. Burada turistlərin milli parkda yaşayan quşlar və heyvanlar haqqında məlumat alması üçün televizor da quraşdırılıb. Bunda əlavə, xüsusi mühafizə olunan təbiət ərazisini ziyarətə gələn balacalar da yaddan çıxarılmayıb, onlar üçün xüsusi əyləncə də təşkil edilib.
F.Məmmədov milli parkın ərazisində 11 marşrutun olduğunu da media nümayəndələrinin diqqətinə çatdırıb və onlar haqqında məlumat verib. Daha sonra jurnalistlər 11 kilometr uzaqda yerləşən Qızılqaz gölünə səfər ediblər.
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə Şirvan Milli Parkının Avropanın ən çox ceyran məkanı olduğunu deyib: “Ərazinin xüsusi mühafizə rejimində olması ceyranların burada artımına imkan yaradır. Bu bizə imkan verir ki, onların sayını artıraq və tarixi ərazilərinə köçürək. Yeddi il ərzində 171 baş ceyran buradan Ağcabədi, Qobustan, Goranboy rayonlarına, Abşeron Milli Parkına, Qax-Acınohur düzünə köçürülüb. Bu Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ərsəyə gətirilən layihə çərçivəsində həyata keçirilir. Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu layihəni Qafqaz regionunda ən uğurlu hesab edir. Layihənin icrası davam etdiriləcək”.
Nazirlik rəsmisi həm yerli, həm də turistlərin buraya marağının kifayət qədər olduğunu və onların məkana baş çəkməsi və məlumatlandırılması üçün şərait yaradıldığını söyləyib. O, bildirib ki, ötən il milli parka 1800 turist səfər edib. Bu ilin mayına qədər isə ziyarət edən turistlərin sayı 440 nəfərdir.
Direktor müavini milli parkı ziyarət etməyin xüsusilə yaz və payız aylarında daha maraqlı olduğunu da diqqətə çatdırıb.
Təbiətə zərər vurmadan həm onun gözəlliklərindən faydalanmaq, həm də qoynunda dincəlmək olar. Kiçikdən-böyüyə hər kəsin maariflənməsi və asudə vaxtını xoş keçirməsi üçün milli parklarda hər cür şərait yaradılıb. Yetər ki, qaydalara əməl olunsun və ətraf mühitin komponentlərinə ziyan vurulmasın.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi təbiətlə canlı ünsiyyətə və xoş rəftara dəvət edir…