Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə may ayında növbəti monitorinq keçirib.
Departamentdən Biosfer.az-a bildirilib ki, mayın birinci ongünlüyündə Kür çayında suyun sərfi aprelin üçüncü ongünlüyünə nisbətən saniyədə 128 kubmetr azalaraq 373 kubmetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə edilib. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Mayın birinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 3, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 7,45-8,22 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.