Bu ilin aprel ayında orta çəkisi 55 qram olmaqla 56 min 260 ədəd qızılbalıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıb. Qızılbalıq buraxılışı ilin sonuna kimi davam edəcək. Bu il 200 min qızılbalıq buraxılışı nəzərdə tutulub.
Biosfer.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su hövzələrində bioresursların artırılması sektorunun müdiri Fəridə Ələkbərova məlumat verib.
Sektor müdiri son dövrlərdə Xəzər dənizinin ekosisteminin təbii və antropogen proseslərin birgə mənfi təsirlərinə məruz qaldığını və bütün bunların təbii mühitin pisləşməsinə, bioloji resursların, ilk növbədə nərəkimilərin ehtiyatlarının tükənməsinə gətirib çıxardığını qeyd edib.
O, bildirib ki, hazırda balıqartırma zavodlarında nərəkimilərin süni yolla artırılması Xəzər dənizində həmin balıq növlərinin bərpasını təmin edən yeganə mənbədir. Cari ildə nərəkimi balıq növlərinin buraxılışına iyun-iyul aylarından etibarən başlanılacaq.
“Bununla yanaşı, çəkikimi balıq körpələrinin yetişdirilərək buraxılışı da intensiv davam edir. Bu il ərzində 40 milyon çəkikimi balıq körpələri respublikanın təbii su hövzələrinə buraxılıb”, – deyə F.Ələkbərova qeyd edib.