Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbirlər planına uyğun olaraq Suraxanı rayonunda genişmiqyaslı quruculuq işləri aparılır, abad məhəllələr salınır, müxtəlif ərazilərdə çoxlu ağac, gül, bəzək kolları əkilir.
Rayon icra hakimiyyətindən Biosfer.az-a verilən məlumata görə, ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi, yeni yaşıllıq sahələrinin salınması məqsədi ilə minlərlə ağac əkilir, yaşıllıq zolaqları salınır.
Bu münasibətlə növbəti ümumrayon iməciliyi Bülbülə qəsəbəsində Səttar Bəhlulzadə küçəsində keçirilib. 200 nəfərin iştirak etdiyi kütləvi ağacəkmə aksiyasında yolun kənarları təmizlənib, abadlıq işləri görülüb, mövcud yaşıllıqlara qulluq edilib və ərazidə 250-dən artıq sərv ağacı əkilib. Həmin tədbirlərin davamlı aparılması nəticəsində rayonda abadlıq işləri genişlənir, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyaları aparılması nəzərdə tutulub.