Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolaylarından keçən 149-cu kilometrindəki sürüşmə zonasında bir həftə idi ki, bağlanan yolda nəqliyyatın hərəkəti bərpa edilib.
Biosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, son vaxtlar yağan yağışlar nəticəsində dolaylardakı sürüşmə zonasında yolun 40 metr uzunluğda və 7 metr enindəki ərazisində 40 santimetrədək çökmə əmələ gəlmişdi. Nəticədə həmin ərazi nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükəli olmuşdu. Bu səbəbdən həmin ərazidə yol bağlanaraq nəqliyyatın hərəkəti müvəqqəti dayandırılmışdı. Sürücülər yaxınlıqdakı sərt alternativ yoldan istifadə etmək məcburiyyətində qalmışdılar.
16 nömrəli Yol İstismar MMC-nin işçilərinin səyi ilə aprelin 30-da səhər saatlarından sürüşmə zonasında nəqliyyatın hərəkəti bərpa edilib. Əraziyə çınqıl tökülərək yayılıb və bərkidilib. Bu günlərdə yola asfalt da döşənəcək.