22 aprel – Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildirilib ki, bu məqsədlə aprelin 18-də ETSN-in inzibati binasında yerləşən Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib.
Görüşdə Beynəlxalq Yer Gününün tarixi, əhəmiyyəti, ölkəmizdə yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, o cümlədən mövcud qlobal ekoloji problemlər: iqlim dəyişmələri, səhralaşma, bioloji müxtəlifliyin qorunması, tullantıların idarə edilməsi, ekoloji təhlükəsizliyin təmin olunması barədə tədbir iştirakçılarına geniş məlumat verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Nazirlik yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən Beynəlxalq Yer günü ərəfəsində həyata keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələrini fəal iştirak etməyə çağırır.
Xatırladaq ki, Beynəlxalq Yer Gününün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Həmin təqvim ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər.