Təbiət aləminə rəng qatan quşların hər birinin özünəməxsus xüsusiyyətləri var. Düşünürsünüz ki, tutuquşu, arıquşu və ya göyərçin öz zahiri görünüşüylə və ya qida seçimi ilə sizi təəccübləndirə bilməzlər? Səhv edirsiniz!
Biosfer.az facte.ru saytına istinadən sizə tutuquşu, arıquşu, göyərçin və göycəqarğa quşlarından bəhs edəcək:
Tutuquşu Kea
Yeni Zelandiyanın dağlıq meşələrində yaşayır. Ümumilikdə, digər tutuquşulara bənzəsə də, onu fərqləndirən bəzi məqamlar var. Məsələn, Keanın qanadları adətən çöldən qonur və zeytun-yaşıl, içəridən isə qırmızı rəngdə olur. O, qoz-fındıq, meyvə və dənli bitkilərlə qidalanır. Ancaq bununla doymayanda qida rasionuna leş, cəmdək də əlavə edir, zəifləmiş, xəstə heyvanlara hücum çəkir. Bu popuqaylar iti dimdiyi ilə ovunu yaralayır. Öləndən sonra da onu yeyir.
Taclı göyərçin
Öz “həmkar”larından qeyri-adi və cəlbedici görünüşünə görə seçilir. Yeni Qvineyada daha çox rast gəlinən taclı göyərçin günün çox hissəsini yerdə keçirir. İlbizləri, toxumları, ağacların meyvələrini toplayır. Onların yalnız bir tərəfdaşı olur və həmişə onunla cütləşirlər. Ancaq nəsilartırmada növbə ilə kürt yatırlar.
Bu göyərçinlər nəsli kəsilməkdə olan nadir quş növünə aiddir.
Bığlı arıquşu
Bu quşları qamışlığın istənilən qanadlı sakinlərindən ayırmaq çətin deyil. Onlar səsi, davranış tərzi və qanadlarıyla seçilir. Sərçələr dəstəsinə aiddir, öz növündə təkdir. Göy arıquşunu ən çox Baltika və Şimal dənizlərinin sahillərində görmək mümkündür. Arıquşunun da nəsli tükənmək təhlükəsi altındadır.
Onlar dünyada ən yumru quş hesab olunur.
Yasəmən sinəli göycəqarğa
Olduqca gözəl quşdur. Bədəninin uzunluğu 35-40 sm-dir. Qanadları çox rəngarəngdir. Sinəsi bənövşəyi, bədənin aşağı və qanadlarının kənar hissələri göy-mavi, boyun və baş hissəsi isə yaşıl rəngdədir.
Bu quşlar tırtıl, hörümçək və əqrəblərlə qidalanırlar. Əsasən Afrikanın cənub və şərq hissəsində – Keniya, Anqola və Namibiyada yaşayırlar.
Cəlal