Başmaqcığı xatırladan kalseolyariya

Google+ Pinterest LinkedIn Tumblr +

Botanik-alimlərin bir çoxu kalseolyariyanı keçiqulağıkimilər fəsiləsinə aid etsə də, ingilis alimlərinin bitkiyə xüsusi baxışı var. Onlar həmin ekzotik dibçək bitkisini növlərinin çoxluğuna görə ayrıca bir fəsilə hesab edirlər.

Biosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, vətəni Mərkəzi və Cənubi Amerika hesab olunan kalseolyariyanın dünyada 400-ə yaxın növü var. Otaq şəraitində birillik növləri becərilir.

Dibçək bitkisi olan kalseolyariyanın bəzi növlərinin çiçəkləri başmağı xatırlatdığına görə bitkiyə kalseolyariya adı verilib, tərcümədə başmaqcıq mənası verir. Çiçəklərin rəng çaları olduqca müxtəlifdir: ağ, sarı, narıncı, qırmızı, üzəri xallı və ya cizgilidir. Yazın axırlarında çiçəkləməyə başlayır və 3-5 həftə müddətində parlaq “başmaqcıqları” ilə göz oxşayır. Bəzən bir kol üzərində 50-yə qədər çiçək açılır.

Evdə kalseolyariya becərərkən dibçəyin yerləşdiyi otağın havasının həddən artıq isti və quru olmasına yol vermək olmaz. Başmaqcıqlar yarımkölgəni sevdiyinə görə onları şimal, şimal-qərb və ya şərqə baxan pəncərənin qarşısında yerləşdirmək daha yaxşıdır. Bitkini günəştutan pəncərənin qabağında yerləşdirməkdən başqa çıxış yolu yoxdursa, aynanı kağız və ya tənzif parçası ilə tutmaq olar.

Kalseolyariya becərilən otaqda yayda temperatur 15 dərəcəni aşmamalıdır. Daha yüksək hərarətdə bitki yarpaq və çiçəklərini tökür, sağlam görünüşünü itirir və xəstəliklərə məruz qalır.

Çiçəkləri solandan sonra kalseolyariya sakitlik dövrünə daxil olur. Bitki budanır və daha sərin, kölgəlik yerə köçürülür, çox az miqdarda su verilir. Sakitlik dövrü bitəndən və bitki yenidən böyüməyə başlayandan sonra intensiv suvarılma bərpa olunur.

Bəzi gülçülər yazın əvvəlində zoğlar böyüməyə başlamazdan əvvəl kalseolyariyanı yenidən budamağı tövsiyə edir. Zəif zoğlar dibindən kəsilir, sağlamları uzunluğunun üçdə ikisi qədər qısaldılır və nəticədə bitki daha sürətlə böyüyür.

Kalseolyariyanı çiliklə çoxaltmaq üçün avqust və ya fevral-mart aylarında kəsilir, qidalı torpağa əkilir, təqribən 3-4 həftədən sonra çiliklər kök atır. Onun becərilməsi çətin olsa da, qulluq etməyi öyrənəndən sonra rəngli alabəzək çiçəklərlə interyerin müxtəlif cür bəzədilməsi gözəllik bəxş edir.

Paylaş