Kənd təsərrüfatı təyinatlı torpaqların 1 milyon hektara yaxını şoranlaşıb. Azərbaycanda şoranlığın birinci səbəbi su itkisidir. Su itkisi Kür-Araz ovalığında qrunt sularının səviyyəsini qaldırır, nəticədə ana süxurda olan duzlar yerin səthinə çıxır. Ekoloji tələblərə zidd olan su itkisi təkrar baş verdikcə şoranlaşma prosesi gedir. Şoranlaşmanın qarşısını almaq üçün kanalların sahillərində sahilbərkidici irriqasiya əkinləri olmalıdır. Bunun üçün yulğun bitkisi daha uyğundur. Yulğun dərman bitkisi olmaqla yanaşı, irriqasiya üçün də yararlıdır, su itkisinin qarşısını alır. Əgər bir torpaqda codluq qradiasiyası yüksəlibsə, eroziyaya uğrayıbsa, bu, müalicəsi olmayan “xəstəlik” kimidir. Kür çayı sahillərində Tuqay meşələrinin sahəsinin azalması ilə əlaqədar su itkisi çox olur.
Biosfer.az xəbər verir ki, bu sözləri meşə təsərrüfatı mühəndisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Allahverdi Doluxanov AZƏRTAC-a müsahibəsində deyib.
Meşə yanğınları haqqında danışan mütəxəssis bildirib: “Üç növ yanğın var: yeraltı, yerüstü, hündürlük yanğını. Hündürlük yanğınları, əsasən, iynəyarpaqlı meşələri, yeraltı yanğınlar isə torf olan ərazilərdə baş verir. Azərbaycanda yerüstü yanğınlar çox olur. Yanğınların başvermə səbəbləri arasında antropogen amillər birinci yerdədir. Meşələrdə ocaq qalanması, siqaret kötüklərinin, şüşə butulkaların atılması və onların Günəşin perpendikulyar şüalarına məruz qalması nəticəsində qızması ətrafdakı ot örtüyünün alışmasına və yanğına səbəb olur. Bundan əlavə, kənd təsərrüfatı təyinatlı bitkiləri biçiləndən sonra ərazi yandırılır. Torpağın üst münbit qatı yanır, canlılar məhv olur, ətrafda olan bitki örtüyünə, canlıların sığınacağına mənfi təsir göstərir. Bəzi yerlərdə yanğın biçilmiş zəmilərdən meşələrə keçir. Hər bir meşənin mühafizəsi üçün onların ətrafında mineral zolaqlar çəkilməlidir”.
A.Doluxanov qeyd edib ki, ziyanvericilərə qarşı bioloji mübarizə üsulu daha məqsədəuyğundur. Zəhərli maddələrin, xüsusilə helikopter vasitəsi ilə səpilməsi canlılara, insanlara, həmin ərazi ilə yanaşı, ətraf ərazilərin də bitki və heyvanat aləminə təsir edir. Bir zamanlar trixoqramma adlanan kəpənəkdən istifadə edilirdi. Bioloji mübarizənin aparılması üçün də müəyyən vaxt var.