Respublikanın şimal-qərb bölgəsində müşahidə olunan güclü yağış və külək iri ağacların gövdəsini yarıdan qoparıb, bəzilərini isə kökündən çıxarıb. Bir sutkaya yaxın elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Biosfer.az xəbər verir ki, yerli fermer Vüqar Abdullayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, güclü külək və temperaturun aşağı düşməsi tozlanma prosesinə mənfi təsir edir: “Havaların şıltaq keçməsi əsasən şaftalı, ərik, gilas ağaclarının çiçəklərinə zərərlidir. Havalar belə davam etsə, məhsuldarlığın aşağı olacağı qaçılmazdır”.
Güclü külək Balakən-Zaqatala ərazilərinə, Qax rayonunun “Atağar meşəsi” adlanan əraziyə və başqa ərazilərə də ziyan vurub. Fındıq, palıd, çinar və s. ağacların kökündən yıxılmasına səbəb olub. Bundan başqa, güclü leysan şimal-qərb bölgəsinin bəzi ərazilərində fərdi yaşayış evlərinin və həyətyanı sahələrin su altında qalmasına səbəb olub.
Qeyd edək ki, güclü külək fəsadlar törətsə də, xəsarət alan olmayıb.