Güclü külək Beyləqanda ölümlə nəticələnən hadisəyə səbəb olub. Hadisə martın 30-da güclü külək əsən zaman Beyləqan rayonunun Aşıqalılar kəndində baş verib.
Biosfer.az xəbər verir ki, bu barədə Beyləqan rayon İcra Hakimiyyəti başçısının Aşıqalılar kənd İnzibatı Ərazi Dairəsi üzrə nümayəndəsi Amil Məmmədov Sputnik Azərbaycan-a bildirib.
“Güclü küləyin yaratdığı təzyiqə tab gətirməyən böyük qovaq ağacının budağı sınaraq, həmin vaxt çörək bişirən Aşıqalılar kənd sakini 38 yaşlı, 6 uşaq anası Nəzərova Nəzakət Sədulla qızının üzərinə düşüb. Nəticədə Nəzakət Nəzərova həyatını itirib” — Məmmədov deyib.
Qeyd edək ki, Nəzakət Nəzərova Beyləqan rayonunun Aşıqalılar kəndinə Saatlı rayonundan gəlin gəlib.