Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti (“Azəryaşlandşaft” ASC) bu ilin birinci yarımilliyində 45 hektar ərazidə əkin işləri həyata keçirməyi planlaşdırıb. Hazırda 25 hektar ərazidə 10 minə yaxın ağac əkilib. Yanvardan iyunadək davam edəcək ümumi yaz əkinləri zamanı isə 20 minə yaxını meyvə ağacları olmaqla, o cümlədən köhnə bağlarda sıxlaşdırma, yəni doldurma əkini aparılmaqla təxminən 100 mindən çox ağac əkilməsi nəzərdə tutulub. Əkinlər daha çox Bakının rayonları, Abşeron yarımadası və Bakıətrafı rayonlarda aparılır.
Biosfer.az xəbər verir ki, bu barədə AZƏRTAC-a cəmiyyətin aparat rəhbəri Ədilağa Məlikov məxsusi olaraq məlumat verib.
“Paytaxtın Xəzər, Qaradağ rayonlarında o cümlədən, Abşeron, Salyan, Hacıqabul, Xızı, Siyəzən rayonlarında zeytun əkininə xüsusi diqqət verilir. Hazırda zeytun bağlarında 1 milyon 200 mindən çox zeytun ağacı var. Onlardan bir hissəsi bar verməyə başlayıb. Zeytunun məhsulundan səmərəli istifadə üçün emal zavodlarının tikintisinə başlanılıb. İşlər davam etdirilir. Salyanın Xıdırlı kəndində isə yaxın zamanda zeytun emalı zavodunun açılışı gözlənilir ”, – deyə aparat rəhbəri qeyd edib.
Ə.Məlikov bildirib ki, Salyan, Hacıqabul, Qaradağ, Ələt istiqamətində yaşıllıq, bağlar və aqromeşələrin salınması nəzərdə tutulub. Bütün əkinlər damcılı suvarma sistemi ilə sulanır. Ötən il olduğu kimi, bu il də bitiş faizinin yüksək olması gözlənilir.