2018-ci ildə Belarus Asiya ölkələrinə bitkiçilik məhsullarının ixracını artırmağı planlaşdırır.
Biosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Belarusun kənd təsərrüfatı və ərzaq nazirinin müavini Vladimir Qrakun keçirdiyi mətbuat konfransında bildirib. Nazir müavini deyib: “Düşünürəm ki, bütün hallarda Rusiyaya tədarük edəcəyimiz məhsul həcminin 2017-ci il səviyyəsindən az olmamasına çalışacağıq. Lakin digər ölkələrə – Azərbaycan, Özbəkistan, Gürcüstan və Çinə də məhsul ixracını artıracağıq”.
Söhbətin kartof, tərəvəz və meyvə ixracından getdiyini xatırladan V.Qrakun əlavə edib ki, Rusiya əlavə məhsula ehtiyac duyarsa, Belarus buna hazırdır. 2017-ci ildə 380 min ton kartof ixrac olunub ki, bu, nazir müavininin sözlərinə görə, ötən illərin göstəricilərindən olduqca çoxdur. Belarus kartofu Rusiya, Özbəkistan, Azərbaycan və daha az həcmdə Serbiyaya göndərilib. Nazir müavini onu da əlavə edib ki, ixracatın artması əsasən kartofçuluq, tərəvəzçilik və meyvəçiliyin inkişafı üzrə proqramın vaxtında həyata keçirilməsinin nəticəsidir. O, diqqətə çatdırıb ki, kartof, tərəvəz və almanın saxlanması üçün anbarların tikintisinə nail olunub və bunun sayəsində bütün mövsümlərdə ticarəti həyata keçirmək və məhsul ixracını artırmaq mümkündür.