Lənkəran rayonunun Separadi kənd sakini Tarverdi Məmmədov gecə saatlarında həyətyanı sahəsində vəhşi yenot tutub.
Biosfer.az İnform.az-a istinadən xəbər verir ki, itlərin hürüşdüyünü eşidib həyətə düşdükdə Tarverdi Məmmədov bu canlı heyvanı aşkarlayıb. İtlər heyvana zərər yetirməsin deyə onu götürərək ayrıca guşədə saxlayıb.
T.Məmmədovun sözlərinə görə, yenotu aşkarlayarkən onun başının zədəli olduğunu görüb. Ona görə də heyvana ilkin tibbi yardım göstərib, qidalandırıb.
Ertəsi gün vətəni Amerika sayılan yenotu təhvil vermək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına məlumat verilib. 1 saylı ərazi üzrə ETSŞ-nin əməkdaşları tərəfindən yenot Separadi kəndindən aparılaraq Hirkan Milli Parkına təhvil verilib.
Ekoloq Ramiz Bəbirovun sözlərinə görə, yenotun kənd ərazisinə gəlib çıxmasınıın başlıca səbəbi son dövrlərdə insanların müdaxiləsi nəticəsində bu növ heyvanların yaşayış arialının daralması ilə əlaqədardır: ”Onlar məcbur olub qidalanmaqdan ötrü yaşayış məskənlərində toyuq-cücələrə, digər növ quşlara və heyvanlara basqın edirlər. Aşkar olunmuş bu yenot cinsli heyvan tam sağlam olduğu üçün Hirkan Milli Parkının ərazisinə aparılıb”.
Qeyd edək ki, su hövzələrinin yaxınlığındakı ağaclıq ərazilərdə yaşamağı sevən yenotlar gündüzlər yatır, gecələr isə yem axtarmağa çıxırlar.Yenotlar su yollarının, göllərin və bataqlıqların ətrafında yaşayır və su içmək üçün gələn heyvanları ovlayır, eyni zamanda quş , yumurta, böcək və sürünənlərlə qidalanırlar.