Yad yuvalara atılmış balalar özlərini analarından da hiyləgər aparır. Balaları yedizdirmək üçün ququ quşlarına köməkçi lazım olur. Dişi ququ quşları yumurta qoyarkən daha kiçik quşların yuvasına gəlir və onun yumurtalarından birini udaraq onu öz yumurtası ilə dəyişir.
Biosfer.az xəbər verir ki, quşun bu hərəkətini yuva parazitizmi adlandırırlar.
Bəzən seçilmiş qurbanlar bununla barışmır: ququ quşunu qovur, yumurtasını yuvadan atır və ya özləri həmin yuvanı tərk edirlər. Amma çox vaxt ququ quşu yuvada quş olmayanda yumurtanı dəyişdirir və yuva sahiblərinin bundan xəbəri olmur.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatlarına görə, adi ququ quşu yüzlərlə növ quşun yuvasına yumurta qoyur. Ən maraqlısı isə budur ki, ququ quşunun yad yuvaya atılan balası digər yumurtaları və təzə çıxmış balaları yuvadan yerə ataraq özünə yer düzəldir. Qarınqulu ququ balası yuva sahiblərinin gətirdikləri hər şeyi demək olar ki, udur.