Ötən il kartoqrafiya işləri üzrə 713 adda plan və xəritə nəşr olunub

Google+ Pinterest LinkedIn Tumblr +

2017-ci il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi tərəfindən görülmüş işlər

Geodeziya və kartoqrafiya sahəsində 2017-ci il ərzində topoqrafiya-geodeziya işləri üzrə Azərbaycan Respublikası ərazisini tam, həmsərhəd ölkələrin ərazilərini qismən əhatə edən 48 vərəq 1:25 000 miqyasında rəqəmsal topoqrafik xəritələrin hazırlanması, 243 ədəd trianqulyasiya, poliqonometriya məntəqəsində nivelir nişanlarının müayinəsi və bərpası, 123 məntəqədə müşahidə, həmçinin topoqrafik planalma, 212 vərəq 1:2000 miqyaslı, 48 vərəq 1:25000 miqyaslı köhnə xəritələrin yenilənməsi, 46 vərəq yeni xəritələrin tərtibatı və 664 vərəq xəritələrin çapa hazırlanması işləri yerinə yetirilib.

Bu barədə Biosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Kartoqrafiya işləri üzrə 713 adda 43390 nüsxədə müxtəlf miqyaslı topoqrafiq plan və xəritələr, 17 adda 1130 nüsxədə tematik xəritələr tərtib edilərək nəşr olunub.

İl ərzində Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağının su səthinin quru ilə təmas xəttinin təbii təsirlərlə əlaqədar dəyişən ən yüksək həddinin göstəriciləri nəzərə alınmaqla plan və yüksəkliklərin 0,30 metr dəqiqliyində 1:10000 miqyasında kağız və elektron formatda qrafik təsviri xəritələri hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.

Azərbaycan Respublikası Prezidentinin “Tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsi və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 01 dekabr tarixli 1136 nömrəli Fərmanına uyğun olaraq ölkənin 68 şəhər və rayon inzibati ərazi vahidlərinin mərkəzi olan qəsəbələrdə tikinti aparılması üçün yararlı olan torpaq sahələrini müəyyən etmək məqsədi ilə həmin şəhər və qəsəbələrin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən 1:10000, zərurət yarandıqda isə 1:25000 miqyaslarında xəritələri kağız üzərində və elektron formatda (ArcGis proqramında mdb) hazırlanıb və Nazirlər Kabinetinin 2017-ci il 18 dekabr tarixli 566 nömrəli Qərarı ilə təsdiq olunub.

Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2017-ci il 17 aprel tarixində Bakı şəhərində imzalanmış Protokoluna əsasən dövlət sərhəddinin demarkasiyası ilə bağlı geodeziya, topoqrafiya və kartoqrafiya təminatını yerinə yetirmək üçün Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədinin Samur çayı üzrə 49 nömrəli delimitasiya nöqtəsindən 66 nömrəli delimitasiya nöqtəsinə qədər sərhəd nişanlarının yerlərdə (naturada) müəyyən edilməsi işləri başa çatdırılıb, həmin nişanların koordinatları təyin olunub və hər iki dövlətin komissiyaları tərəfindən təsdiq edilib.

Ərazi vahidlərinin, inzibatı ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin sərhədlərinin, milli parkların və dövlət təbiət qoruqlarının sanitariya mühafizə zonalarının müəyyən olunması və xəritələrinin hazırlanması sahəsində işlər tamamlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

Astara, Göygöl, Oğuz, Biləsuvar, Qusar, Zaqatala, Samux, Şəmkir və Şəki rayonlarda meşə fondina aid olmayan meşə ilə örtülü sahələr və dövlət meşə fonduna aid olan əkinə yararlı ərazilərin əvəzləşdirilməsi RİH-nin sərəncamları ilə təsdiq edilib. Şabran, Xızı, Masallı, İsmayıllı, Ağsu, Şamaxı, Goranboy, Salyan, Qazax, Daşkəsən və Lerik rayonlarında dövlət meşə fonduna aid olan əkinə yararlı və dövlət meşə fonduna aid olmayan meşə ilə örtülü torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi məqsədi ilə xəritələşdirmə işləri başa çatdırılıb və işçi qruplarında baxılması üçün aidiyyəti üzrə Rayon İcra Hakimiyyətinə təqdim olunub.

Paylaş