Azərbaycanda 90 min hektara yaxın ərazi xüsusi mühafizə olunur

Google+ Pinterest LinkedIn Tumblr +

2017-cı il ərzində bioloji müxtəlifliyin qorunması istiqamətində aparılan işlər davam etdirilib. Hazırda ölkədə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Biosfer.az-a verilən məlumata görə, xXüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılması istiqamətində 2017-ci il ərzində Göygöl Milli Parkının rekreasiya potensiallı ərazilərində ekoturizm infrastrukturu, marşrutların yaradılması işləri davam etdirilib, qısa müddət ərzində Milli Parka 350 minə yaxın turist səyahət edib.

Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğunun yaradılması üçün “Azərbaycan Respublikasının mühafizə olunan ərazilərinə dəstək proqramı, Zaqatala-Balakən regionu” layihəsi üzrə 2017-ci ilin iyul ayında ərazi ilə tanışlıq üçün Almaniya İnkişaf Bankı tərəfindən təyin edilmiş məsləhətçi-ekspertin Azərbaycana səfəri baş tutub və hazırda hazırlanmış müvafiq tender sənədlərinə baxılır.

BMT-nin İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Qızılağac Dənizkənarı Milli Parkının yaradılmasını nəzərdə tutan “Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi layihəsi” çərçivəsində rəsmi prosedurlara başlanılıb. Belə ki, Milli Parkın sərhədləri tam dəqiqləşdirilərək 1:25000 və 1:100000 GİS xəritələri hazırlanıb və ümumi sahəsi 300 m2 olan inzibati binasının tikintisi başa çatdırılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 noyabr tarixli 487 nömrəli Qərarı ilə Korçay Dövlət Təbiət Qoruğunun və 2017-ci il 22 dekabr tarixli 592 nömrəli Qərarı ilə isə Eldar Şamı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonaları təsdiq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2017-ci il 19 sentyabr tarixli Əmrinə əsasən Goranboy rayonu Buzluq kəndinin ərazisində yerləşən “Buz Mağarası”na və Lerik rayonunun Kələxan kəndində yerləşən “Qala Dağı”na bölgə əhəmiyyətli təbiət abidəsi statusu verilib və “Dövlət tərəfindən qorunan dövlət təbiət abidələrinin – geoloji (paleontoloji) obyektlərin Siyahısı”na daxil edilib.

“Ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 8 baş ceyran Ağgöl Milli Parkının ərazisinə köçürülüb.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üzrə Milli Strategiya”nın icrası məqsədilə ETSN-nin müvafiq Əmri ilə Tədbirlər Planı təsdiq edilib və müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu İşçı Qrup yaradılıb və görülmüş işlər haqqında hesabat hazırlanıb.

2017-ci il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozuntu faktları ilə əlaqədar 1383 akt, 304 protokol tərtib edilib. Tərtib edilmiş akt və protokollara əsasən təbiətə dəymiş ziyan 136100,16 manat məbləğində müəyyən olunub, inzibati qaydada 167630 manat cərimə tətbiq edilib. 29 iş hüquq mühafizə orqanlarına, 142 iş aidiyyəti üzrə rayon məhkəmələrinə və icra bölmələrinə göndərilib. 2017-ci il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında ov edən şəxslərə qarşı 45 akt və 50 protokol tərtib edilərək, onlardan 42 ədəd ov silahı və 271 ədəd patron götürülüb, həmin şəxslərə qarşı 46730 manat məbləğində cərimə və 1864.5 manat iddia tətbiq edilib.

Paylaş